Azərbaycan Mədəniyyət Nazirliyi Sverdlovsk Filarmoniyasının virtual konsert salonlarının yaradılması təcrübəsini öyrənəcək, eləcə də Yekaterinburqda Azərbaycan Kinosu Günlərinin təşkili və mədəni mübadilələrin aparılması ilə bağlı məsələlər üzərində işləyəcək. Sverdlovsk vilayətinin informasiya portalının məlumatına görə, bunu nazir Əbülfəs Qarayev deyib.
Ə.Qarayev Bakıda Sverdlovsk vilayətinin mədəniyyət naziri Svetlana Uçaykinanı qəbul edib.
Görüş zamanı Sverdlovsk Dövlət Akademik Filarmoniyasının ideya və təşəbbüslərinin reallaşdırılması - klassik musiqini populyarlaşdıran festivalların təşkili, eşitmə qabiliyyəti zəif uşaqlarla iş təcrübəsi və virtual konsert zalları şəbəkəsinin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
"Bu gün Sverdlovsk vilayətində təxminən 70 belə zal var. Filarmoniyada keçirilən konsertlərin yaşayış məntəqələrindəki mədəniyyət evləri, kitabxanalar və ya incəsənət məktəblərinin meydançalarında real vaxt rejimində yayımlanması üçün texniki şərait yaradılır”, – deyə S.Uçaykina bildirib.
Portal qeyd edir ki, Qarayev bu təcrübə ilə maraqlanıb və Azərbaycan ərazisində həyata keçirilməsi məqsədilə onu öyrənməyə hazır olduğunu bildirib.
Bundan əlavə, azərbaycanlı nazir müxtəlif festivallar çərçivəsində kollektivlər, mütəxəssislər və tələbələrlə mədəni mübadilələrin həyata keçirilməsinin perspektivliyini diqqətə çatdırıb.
Tərəflər, həmçinin muzey və kitabxana işinin birgə inkişafı barədə də razılığa gəliblər. Nazirin səsləndirdiyi təşəbbüslərdən biri də Yekaterinburqda “Azərbaycan Kinosu Günləri” festivalının təşkili ilə bağlı olub. O, Ural tamaşaçısına maraqlı olacaq 7 film seçməyə hazır olduğunu deyib.
“Hər iki tərəfin üç tədbir keçirməsinin nəzərdə tutulduğu 2 illik fəaliyyət planı hazırlamağı təklif edirəm. Belə bir plan imzaladıqdan sonra gələn ildən onun icrasına başlaya biləcəyik”, - deyə Ə.Qarayev vurğulayıb.
S.Uçaykina Qarayevin bu niyyətini dəstəkləyib.*
F.İsazadə