2019-cu ildə Vergilər Nazirliyi səyyar yoxlamaların sayının azalması üzrə siyasəti davam etdirib. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Cari ilin 8 ayı ərzində nazirlik tərəfindən yalnız 562 səyyar yoxlama keçirilib, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 5,8 dəfə azdır”, - Cabbarov cümə günü "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda bildirib.
Onun sözlərinə görə, ötən ilin 8 ayı ilə müqayisədə səyyar yoxlamaların sayı 3 dəfə azalıb.
Ötən il nazirliyin səyyar yoxlamaları 1,707 min vergi ödəyicisini (2017-ci illə müqayisədə azalma 3,4 dəfə - İF) əhatə edib. Aparılan yoxlamalar zamanı 1,703 min vergi ödəyicisində müəyyən pozuntular aşkar edilib. Ötən il həyata keçirilən səyyar yoxlamalar əsasında dövlət büdcəsinə əlavə vergilərin məbləği 465,7 mln. manat təşkil edib. Yoxlamarın sayının azalmasına baxmayaraq, bir yoxlama üzrə əlavə vergilərin həcmi artıb. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə - 273,5 min manatadək artıb. **
Ə.Məmmədov