Yanvar-iyul aylarında Azərbaycanda əhalinin sayı 46,417 min nəfər artaraq 2019-cu il avqustun 1-nə 10 mln. 027,874 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Bu dövrdə ölkə üzrə 79,861 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,9 təşkil edib. Yeni doğulan oğlanlar 53,4% qızlar – 46,6% təşkil edib. Körpələrin 1,844 mini əkiz, 48-i isə üçəm doğulanlardır.
Yanvar-iyul aylarında 33,647 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,1-dən 5,8-ə enib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 35,192 min nikah (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 6,6% - İF) və 9,793 min boşanma halı (artım 14,7%) qeydə alınıb.
Yanvar-iyul aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,095 min nəfər gələn və 892 nəfər ölkədən gedən qeydə alınıb.*
F.İsazadə