2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 16 mlrd. 403,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 15 mlrd. 827,2 mln. kVt/saat (artım 6%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
Yanvar-avqust aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 14 mlrd. 530,8 mln. kVt/saat (artım 7,2%), su elektrik stansiyaları 1 mlrd. 188,4 mln. kVt/saat (azalma 10,3%) əmtəəlik elektrik enerjisi istehsal edib.
Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 78,2 mln. kVt/saat (artım 3,2 dəfə), günəş enerjisinin istehsal həcmi 29,8 mln. kVt/saat (artım 8%) təşkil edib.
Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.
Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 25 mlrd. 256,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13,7% çoxdur.**
N.Abbasova