Azərbaycan dünyada ABŞ, Rusiya, İran və Qərbin eyni vaxtda və uğurla əməkdaşlıq etdiyi yeganə platformadır. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Biz regionun bütün dövlətləri ilə mehriban qonşuluq münasibətləri qura bilmişik. Tam məsuliyyətlə deyə bilərəm ki, əsaslı şəkildə dəyişən Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, - deyə X.Xələfov bu gün bildirib.
Onun sözlərinə görə, Azərbaycan-İran münasibətləri "tamamilə şəffafdır, qarşılıqlı hörmət və etimad əsasında inkişaf edir və möhkəmlənir.
“Azərbaycan-Türkiyə siyasəti dostluq və qardaşlıq münasibətlərinə əsaslanır və çiçəklənməkdədir. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə qarşılıqlı əlaqələri regionun sabitliyi və inkişafında böyük rol oynayır", - deyə nazir müavini qeyd edib.
X.Xələfov, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə bilavasitə iştirak edən və dəstək göstərən qərbli tərəfdaşlara təşəkkürünü bildirib.
“Azərbaycan ola bilsin ki, dünyada Rusiya, İran, ABŞ və Qərbin eyni zamanda əməkdaşlıq etdiyi yeganə platformadır. Bu məsələdə “Əsrin müqaviləsi”nin rolunu, eləcə də Amerika şirkətləri ilə yanaşı, İran və Rusiya şirkətlərinin də iştirak etdiyi “Şahdəniz” qaz yatağının işlənməsi layihəsini qeyd etmək istəyirəm. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yaxşı iqtisadi əsasdır. Biz gələcəkdə də bu təcrübəni inkişaf etdirmək niyyətindəyik", – deyə X.Xələfov əlavə edib.*
F.İsazadə