“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın (ARDNŞ) Türkiyədəki törəməsi) “STAR” NEZ-in Türkiyədə neft və neft məhsullarının saxlanılması üzrə gücünün artırılmasına $600 mln. sərmayə yatıracaq. Bunu şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
“STAR”a sərmayələrimiz davam edir. Hazırda neft və neft məhsullarının saxlanılması üzrə zavodun gücünün artırılmasını nəzərdə tutan $600 mln. dəyərində layihə reallaşdırırıq”, - Qəhrəmanov Türkiyənin "Hürriyet" qəzetinə məlumat verib.
O, həmçinin bildirib ki, “STAR” NEZ-ə yatırılan investisiyaların qaytarılması müddəti 11-13 il təşkil edəcək.
“Hazırda “STAR”da neft emal üçün Rusiya və İraqdan alınır. Bu zavodun fəaliyyəti Türkiyənin cari əməliyyat kəsirini illik $1,5 mlrd. azaltmağa imkan yaradacaq. Neftin qiyməti bahalaşanda biz “NEZ”-dən, ucuzlaşanda isə - neft-kimya istehsalı, yəni “Petkim” kompleksinin fəaliyyətindən mənfəət əldə edirik”, - Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, 2008-ci ildə “Petkim Petrokimya Holding” alındığı andan indiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri $15 mlrd. təşkil edib. SOCAR-ın Türkiyədə investisiyaların ümumi həcmi $19,5 mlrd. təşkil edəcək.
Öncə zavodun baş direktoru Mesut İlter "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib ki, “STAR” NEZ 2021-ci ilədək xam neft və neft məhsullarını saxlama gücünü 1,6 dəfə - sutkada 2,5 mln. kubmetrə qədər artırmağı planlaşdırır.
Əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan “STAR” NEZ-in tikinti layihəsinə $6,3 mlrd. sərmayə yatırıb.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodda illik 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.**
N.Abbasova