Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibi Antonio Quterreşi bu ilin oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak etməyə dəvət edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov bu təklifi A.Quterreşə Nyu-Yorkda baş tutmuş görüşdə edib.
“Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda iki ölkənin xarici işlər nazirləri arasında keçirilən ən son görüş barədə baş katibə ətraflı məlumat verib”, - deyə məlumatda bildirilir.
Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan nazir, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.
“A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova