Azərbaycan 2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 5 mlrd. 309,65 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 38,8% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
İyul ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 27,63%-i (899,97 mln. kubmetr) Azərbaycan qazının payına düşüb. Ötən ilin iyul ayı ilə müqayisədə tədarükün həcmi 42,77% artıb.
İyul ayında Türkiyəyə 3 mlrd. 257,54 mln. kubmetr (2018-ci ilin iyul ayı ilə müqayisədə azalma 10,39%) qaz ixrac edilib. 2 mlrd. 684,73 mln. kubmetr boru kəməri qazının (tədarükün 82,4%-i), 572,81 mln. kubmetr (17,6%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova