Azərbaycan sərhədçiləri dünən axşam Ermənistanla dövlət sərhədindəki təmas xəttində erməni təxribat-diversiya qruplarının ərazimizə doğru hərəkətinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.
“1 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb”, - deyə məlumatda bildirilir.
Həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
“Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov