2019-cu ilin əvvəlindən 11,6 mindən çox hərbi qulluqçu-şəhidin vərəsələri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib.
“Azərbaycan prezidentinin müvafiq fərmanına əsasən, hərbi qulluqçu-şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 95% icra olunub. Bu günədək artıq 11 619 şəhidin 17 302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib”, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat verir.
Komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
“Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ƏƏSMN 2019-cu ilin sonunadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş 12,268 min şəhid və polisin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesini başa çatdırmağı planlaşdırır.
Bu kateqoriya vətəndaşların vərəsələrinin birdəfəlik ödəməsinin verilməsinə dövlət büdcəsindən 135 mln. manat ayrılıb. **
X.Nəsirzadə