Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı ilə Moskva arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsini vacib hesab edir.
Çərşənbə axşamı Həsənov Bakıda Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovu qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Həsənov ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib”, - nazirlikdən bildirilir.
Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların cinayət hadisələrinin sayının azalmasına səbəb olduğunu Petrovun diqqətinə çatdıran nazir Respublika Hərbi Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.
V.Petrov Azərbaycan və Rusiyanın strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.
“Tərəflər qeyd ediblər ki, hər iki ölkənin hərbi hüquqşünaslarının səyləri cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qoşunlarda hüquq qaydalarının təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, korrupsiya hallarının istənilən formalarının istisna edilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının və qanuni maraqlarının müdafiə edilməsinə yönəldilib”, - MN qeyd edir. **
F.İsazadə