“PAŞA Bank” Gürcüstan və Türkiyədəki törəmə şirkətlərinin gəlirliliyinin azaldığını qeyd edir. Bu barədə bankın baş maliyyə inzibatçısı, İdarə Heyətinin üzvü Bəhruz Nağıyev məlumat verib.
"2019-cu ilin I yarısının yekunları üzrə bankın Türkiyədəki “törəmə”sinin (“PASHA Bank Yatirim Bankasi AS”) xalis mənfəəti 3,977 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% azdır. Gürcüstandakı bankımıza gəlincə, o, hesabat dövrünü 2,298 mln. manat məbləğində xalis zərərlə başa vurub”, - deyə B.Nağıyev bu gün 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“PASHA Bank Georgia”nın zərərliliyinə toxunan baş maliyyə inzibatçısı bunun cari əməliyyat xərclərinin artması ilə əlaqəli olduğunu qeyd edib.
"Biz Gürcüstanda fəaliyyətimizi xeyli genişləndiririk ki, bu da müxtəlif xərclərə səbəb olur. Bu il Gürcüstandakı əməkdaşlarımızın ştatını 188 nəfər artırmışıq. Məqsədimiz “PASHA Bank Georgia”nın bazardakı payını artırmaqdır. Düşünürəm ki, 2020-ci ilin birinci yarısında biz yenə də müsbət nəticələrin şahidi olacağıq", - deyə o bildirib.
Türkiyədəki gəlirliliyin azalmasına toxunan İdarə Heyətinin üzvü əlavə edib ki, bu, Türkiyə bazarındakı volatilliklə əlaqədardır. Bu isə lirənin məzənnəsində dəyişkənliyə səbəb olub və bank bazarına təsir edib.
Bütövlükdə, 2019-cu ilin birinci yarısında “PASHA Bank Georgia”nın ümumi aktivləri 246,011 mln. manat (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 21%), kredit portfeli 141,418 mln. manat (artım 38%), müddətli depozitlər 45,416 mln. manat (artım 88%), müddətsiz depozitlər 45,024 mln. manat (artım 105%) təşkil edib. Bankın məcmu kapitalı 17% - 63,263 mln. manata qədər azalıb.
Hesabat dövrünün sonuna “PASHA Bank Yatirim Bankası A.S.”nin aktivləri 461,566 mln. manat (azalma 11%), kredit portfeli 309,859 mln. manat (azalma 7%), məcmu kapitalı 152,591 mln. manat (azalma 22%) təşkil edib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.*
Ə.Məmmədov