2020-ci ildə Çinin daha bir şəhərindən Azərbaycana uçuşlara başlamaq planlaşdırılır. Bunu Çinin “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje deyib.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Guo Dongje arasında görüş baş tutub.
Görüşdə Dongje bildirib ki, gələn il Pekindən başqa Çinin daha bir şəhərindən Azərbaycana uçuşlar planlaşdırılır.
Öz növbəsində, Zenqstşmid Azərbaycanda turizmin inkişafı üçün Çinin bazarının əhəmiyyətini və Çİn Xalq Respublikasından turist axının dəfələrlə artırılması planlarını qeyd edib. “Əgər 2018-ci ildə Çindən Azərbaycana glən turistlərin sayı 13 min təşkil edibsə, cari ilin yanvar-sentyabr ayları ərzində onların sayı 20 min nəfər təşkil edib”, - o bildirib.
Görüş çərçivəsində Azərbaycan Turizm Bürosu və “ETI Holidays” arasında çinli subagentlər üçün birgə təlimlərin keçirilməsinə dair razılıq əldə olunub. Xüsusilə, 5 min subagent təlimlərə cəlb olunacaq. Büro tərəfindən keçirilən təlimlərin məqsədi Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır.
“Bu təlimlər Çin bazarında Azərbaycanın tanıdılmasında mühüm rol oynayacaq”, - Guo Dongje qeyd edib. **
X.Nəsirzadə