Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu ilin əvvəlindən ümumilikdə 132,6 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Bu layihələrin reallaşdırılması 3,8 minədək iş yerinin yaradılmasına imkan verəcək. Güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Bu kreditlərin 74,4%-i aqrar sektorun, 25,6%-i sənaye və digər sahələrin inkişafına yönəldilib”, - deyə məlumatda bildirilir.
SİF Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verib.
İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 590 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov