Bakı Şəhər Baş Polis İdarəsi çərşınbə axşamı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket zamanı qanunla müəyyən olunmuş prosedurların pozulmasına görə Azərbaycan müxalifətinin 5 tərəfdaşı barəsində materialları məhkəməyə göndərəcək.
Demokratik Qüvvələrin Milli Şurası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə baxılaraq razılıq verilib. Yerli vaxtla 15:00-da piketdə iştiraka 50 nəfər müxalifətçi buraxılıb.
“Lakin müxalifət nümayəndələri vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər. Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib”, - Bakı Şəhər Baş Polis İdarəsi məlumat verir.
İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb.
“Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək”, - məlumatda vurğulanır. **
A.Əzizov