Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi çərşənbə günü gecə itkin düşən 4 balıqçıdan üçünü xilas edib. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verir.
“Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 9 sentyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə¬minin bortuna götürülüblər”, - Xidmətdən qeyd olunub.
Məlumat verilir ki, xilas edilən balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunublar.
Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib.
“Hazırda dördüncü balıqçı 1976-cı il təvəl¬lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir”, - məlumatda qeyd olunur Dünən Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində 4 balıqçınn itkin düşməsi barədə məlumat verib. Onların axtarışına helikopter cəlb olunub. **
X.Nəsirzadə