10-12 oktyabr tarixlərində Bakıda «Caspian Event Organisers» (CEO) şirkətinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.
Sərgiyə dünyanın 22 ölkəsindən 152 iştirakçı (Almaniya, İran, Qazaxıstan, Polşa, Belarus, Rusiya, Türkiyə, Özbəkistan, Ukrayna, Çexiya və s.) qatılacaq.
"Əgər ötən il sərgidə 12 ölkənin nümayəndələri iştirak etmişdisə, bu il ölkələrin sayı 22-dək artıb. Ötən illə müqayisədə təhsil qurumlarının sayı 130-dan 152-yə yüksəlib. Bu, xarici ölkələrin sərgimizə artan marağından xəbər verir", - deyə təhsil nazirinin müşaviri Elnur Məmmədov mətbuat konfransında bildirib.
O qeyd edib ki, sərgidə təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün stend açılacaq.
“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunacaq ki, bunun da 37-si ali təhsil müəssisəsidir.
Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də fəal şəkildə təmsil olunacaq.
Təşkilatçıların verdiyi məlumata görə, sərgidə ilk dəfə olaraq Avropa İttifaqının birləşmiş stendi də olacaq. Bu stend Avstriya, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Fransa, Çexiya, İsveç səfirlikləri və universitetlərini birləşdirir. Stenddə xaricdə pulsuz təhsil proqramları və tələbə mübadiləsi proqramları (Erasmus+) təqdim olunacaq.
"Azərbaycan təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim edəcək", – deyə təşkilatçılar qeyd ediblər.*
X.Nəsirzadə