Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən 345 sahibkarlıq subyektinə 407 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“İndiyədək 407 layihə üzrə investisiya təşviqi sənədi verilib. Bu layihələrə ümumi investisiya qoyuluşları 3,9 mlrd. manat məbləğində qiymətləndirilir”, - Səfərov cümə axşamı Bakıda keçirilən “Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında bildirib.
O vurğulayıb ki, bu layihələrin həyata keçirilməsi 27 mindən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.
“Bu günə 245 müəssisə artıq fəaliyyət göstərir, onlara investisiyalar 2,5 mlrd. manat təşkil edib”, - nazir müavini əlavə edib.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən 7 il müddətinə azadolma; torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma; xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.**
B.Rüstəmbəyov