Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2019-cu il oktyabrın 18-dən Bakıdan Mingəçevir və Şəkiyə avtobuslarla gecə reyslərini bərpa edəcək. Bu barədə DANX-nin məlumatında deyilir.
“Oktyabrın 18-dən etibarən Bakı-Mingəçevir və Bakı-Şəki istiqamətlərində avtobuslarla gecə reysləri istifadəyə veriləcək. Biletlər oktyabrın 10-dan satışıa çıxarılır”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.
Xəbər verildiyi kimi, 2010-cu il may ayının 6-dan etibarən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb Nazirlər Kabineti 25 sentyabr 2019-cu il tarixində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair müvafiq təklifinə razılıq verib.
Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayıb.
Qeyd edilib ki, test rejimi payız və qış ayları boyunca davam edəcək.
2020-ci ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq. Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək.
Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.
Bildirilir ki, o dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şose yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi. **
F.İsazadə