“STAR” neft emalı zavodu 2020-ci ildə hazır məhsulun satış həcmini illik $6-9 mlrd. səviyyəsində planlaşdırır. Bunu müəssisənin baş direktoru Mesut İlter deyib.
"2019-cu ilin sentyabr ayının sonundan etibarən NEZ tam gücü ilə işləyir - ildə 10 mln. ton və ya gündəlik 214 min barrel. Bunu nəzərə alaraq və dünya bazarlarında neftin qiymətindən asılı olaraq biz hazır məhsul satışından ildə $6-9 mlrd. gəlir gözləyirik. Zavodun xalis mənfəəti ildə $500 mln. səviyyəsində proqnozlaşdırılır", - deyə M.İlter bu gün İzmirdə keçirdiyi mətbuat konfransında Azərbaycan KİV-nə bildirib.
Onun sözlərinə görə, zavodun 2019-cu ildəki fəaliyyətinin yekunları üzrə sıfır mənfəət proqnozlaşdırılır.
"Hazır məhsulların satışından əldə olunan gəlirə gəlincə, cari ilin yekunları üzrə bu rəqəm $4 mlrd. səviyyəsində proqnozlaşdırılır, ancaq biz bu rəqəmin daha yüksək ola biləcəyini gözləyirik", - deyə baş direktor əlavə edib.
O, həmçinin bildirib ki, 2019-cu ilin aprel ayından etibarən “STAR” neft emalı zavodunun inşası üçün cəlb olunan kreditlərin qaytarılması prosesi başlayıb.
"Layihənin həyata keçirilməsi üçün çəkilən xərcin çıxarılma müddəti 11-12 ildir. Layihə üzrə faktiki xərclər $6,3 mlrd. təşkil edib. Bunun $3,3 mlrd.-ı cəlb edilmiş kreditlərin payına düşüb, daha $3 mlrd. isə səhmdarlarımız tərəfindən qoyulan vəsaitlərdir. 2022-ci ildən etibarən biz qoyulmuş vəsaitlərin səhmdarlara dividend şəklində qaytarılması prosesinə başlamaq niyyətindəyik”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq bildirib.*
N.Abbasova