Azərbaycan Xarici İşlər Nazirliyi Polşa Respublikasının vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovskinin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“Kjijanovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Jurnalistin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilib.
Bildirilir ki, məktubunda Kjijanovski Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir.
“O, işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bəyan edib. Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edib”, - XİN vurğulayır. **