Bir neçə ay ərzində Gəncə Dövlət Universitetinin tələbə şəhərçiyi istifadəyə veriləcək. Bunu təhsil naziri Ceyhun Bayramov cümə axşamı jurnalistlərə bildirib.
“Məcburi köçkünlər üçün yaşaylş kompleksi inşa olunandan sonra GDU-nun kampusu boşadılıb. Hazırda təmir-tikinti işləri aparılır. Bir neçə aydan sonra 3 korpusdan ibarət böyük tələbə yataqxanası istifadəyə veriləcək”, - nazir vurğulayıb.
Bayramov qeyd edib ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dəstəyi ilə tikilən Univerium yataqxanalar kompleksi artıq fəaliyyət göstərir.
“Univerium son tələblərə tam cavab verir. Tələbələrə tədris, həmçinin istirahət və idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb”, - Bayramov bildirib.
Nazir əlavə edib ki, Univerium-un tikintisi dövlət vəsaiti yatırılmadan həyata keçirilib. “Bu layihə dövlət vəsaitinin iştirakı olmadan, yalnız özəl şirkətlərlə tərəfdaşlıq münasibətləri əsasında reallaşdırılıb”, - Bayramov qeyd edib. **
X.Nəsirzadə