“Petkim Petrokimya Holding” İzmir şəhərinin Əliağa bölgəsində “Merkuri” neft-kimya kompleksinin inşası layihəsinin səhmdarlarından biri olacaq. Bu barədə “Petkim”in baş direktoru Anar Məmmədov məlumat verib.
““Petkim” “Merkuri” neft-kimya kompleksinin tikintisi layihəsinin səhmdarı olmağı planlaşdırır. Şirkətimizin bu layihədə iştirak payını dəqiq deyə bilmərəm, amma bu həcm kiçik olacaq. Layihənin əsas tərəfdaşları SOCAR və BP olacaq. Bu layihənin həyata keçirilməsi "Petkim"in gələcək inkişafı üçün də çox vacibdir. Biz sözügedən layihədən yaxşı nəticələr gözləyirik", - deyə o, Azərbaycan KİV-nə müsahibəsində bildirib.
O deyib ki, "Petkim" yeni kompleksə investisiya qoymayacaq, lakin ərazi, infrastruktur və ola bilsin ki, xammalla təmin edəcək. "Layihənin ətraflı injinirinqi 2019-cu ilin sonunadək başa çatacaq. Düşünürəm ki, “Merkuri” layihəsi üzrə yekun investisiya qərarı 2020-ci ilin birinci rübündə qəbul ediləcək (daha əvvəl bu qərarın 2019-cu ilin sonuna qədər qəbul ediləcəyi bildirilmişdi - IF). Kompleksin inşasına gələn il başlanılacaq", - deyə baş direktor qeyd edib.
Xəbər verildiyi kimi, yeni kompleks “Petkim” neft-kimya kompleksi və “STAR” emalı zavodunun yanında tikiləcək.
Müəssisənin 2023-cü ilin sonunadək işə salınması planlaşdırılır.
Layihə $1,8 mlrd. dəyərində qiymətləndirilir.*
N.Abbasova