Bakı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının MDB ölkələri xalqlarına və dünya birliyinə müraciətinin layihəsi haqqında” qərarın imzalanmasını vacib hesab edir. Bunu Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
““1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının MDB ölkələri xalqlarına və dünya birliyinə müraciətinin layihəsi haqqında” qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim. Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsi ərəfəsində, Azərbaycanın və Azərbaycan xalqının faşizm üzərində Qələbənin əldə olunmasına verdiyi böyük töhfə xüsusilə qeyd edilməlidir”, - Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı bildirib.
Nazir xatırladıb ki, müharibədə Azərbaycanın 600 mindən artıq nümayəndəsi iştirak etdi, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak oldu və itkin düşdü.
“Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı yalnız döyüş bölgələrində deyil, arxa cəbhədə də qəhrəmanlıq, şücaət və fədakarlıq nümayiş etdirdi. İkinci dünya müharibəsi zamanı qələbənin əldə edilməsində Bakı nefti əvəzsiz rolu olmuşdur. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70%-dən çoxu, benzinin 80%-i və motor yağlarının 90%-i Azərbaycanın payına düşdüb”, - nazir vurğulayıb.
Bu baxımdan, qərarın imzalanmasını “nasist ideologiyasına, o cümlədən abidə və memorialların ucaldılmasına və irqçiliyin təbliğatına qarşı mübarizədə xüsusilə əhəmiyyətli hesab edir”. **
F.İsazadə