Bakı Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin tərəfdarıdır. Bunu Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır”, - Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanl bildirib.
XİN-in mətbuat xidmətinin yaydığı çıxışın mətnində qeyd olunur ki, Məmmədyarov həmçinin vurğulayıb ki, “danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir”.
O, həmçinin bəyan edib ki, Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır.
“Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim”, - nazir qeyd edib.
Onun rəyinə görə, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.
“Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”, -Məmmədyarov vurğulayıb. **
F.İsazadə