“STAR” neft emalı zavodu 2019-cu ilin sonuna qədər neft emalı həcmini 7,5 mln. tona çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin baş direktoru Mesut İlter məlumat verib.
““STAR” NEZ-in istismara verildiyi 2018-ci ilin oktyabr ayından bu ilin avqust ayının sonuna qədər 4,8 mln. ton neft emal edilib. Cari ilin sonunadək bu rəqəm 7,5 mln. tona çatacaq”, - deyə o bildirib.
Baş direktorun sözlərinə görə, müəssisə 2019-cu ilin 8 ayı ərzində 4,5 mln. ton müxtəlif növ neft məhsulları istehsal edib. Bu neft məhsulları daxili bazarda satılıb, eləcə də Aralıq dənizi və Şərqi Avropa ölkələrinə ixrac edilib.
"Lakin biz daxili bazara daha çox diqqət ayırırıq, hazırda NEZ-də istehsal olunan bütün emal məhsullarının 70%-ni daxili bazara tədarük edirik. Gələn ildən “STAR”da istehsal olunan bütün neft məhsullarını (reformat istisna olmaqla) daxili bazarda satmağı planlaşdırırıq. Reformatın ixracı Türkiyədə bu məhsula tələbatın olmaması ilə əlaqədardır", - deyə M.İlter vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, İzmirdə ikinci yeni neft-kimya kompleksinin işə salınması nəticəsində reformat əsas xammal kimi istifadə olunacaq.
Baş direktor əlavə edib ki, “STAR” NEZ-in fəaliyyəti gələcəkdə Türkiyəyə aviasiya yanacağının idxalını sıfıra endirməyə də imkan verəcək.*
N.Abbasova