Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini xahiş edib.
“Oktyabrın 10-da Fransa Respublikasının prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib. Fransa prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Əliyevdən xahiş edib”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Prezident İ.Əliyev Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
“Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə ediblər”, – deyə məlumatda vurğulanır.*
A.Əzizov