Yaxın illər ərzində Avropa İttifaqı (Aİ) Azərbaycanın bir hissəsi olduğu Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) yaradılması layihəsinə sərmayələri 2 mlrd. avrodan çox dəyərində qiymətləndirir.Bunu cümə günü Bakıda Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Tərəfdaşlıq şöbəsinin müdiri Vasilis Maraqos deyib.
“Azərbaycana gəlincə, gələcək illərdə Trans-Avropa Nəqliyyat Şəbəkəsinin yaradılması çərçivəsində sərmayələrin yatırılması zəruridir. Gələcək illərdə layihəyə 2 mlrd. avrodan çox vəsait yatırılacaq. Plan hazırdır, bu plan beynəlxalq maliyyə institutlarının cəlb olunması ilə investisiyaların yatırılmasını nəzərədə tutur”, - Maraqos bildirib.
O vurğulayıb ki, “Azərbaycan Gürcüstanla birlikdə bu nəqliyyat şəbəkəsində böyük mövqeyə malikdir”. “Burada söhbət rifah və sabitliyə yönələn ümumi iqtisadi maraqdan gedir”, - diplomat əlavə edib.
Maraqos qeyd edib ki, hazırda Aİ Azərbaycanın ən iri ticarət və investisiya tərəfdaşıdır.
2019-cu ilin yanvar ayında Avropa Komissiyası Trans-Avropa Nəqliyyat Şəbəkəsinin genişləndirilıməsini və layihəyə Şərq Tərəfdaşlığı ölkələrinin daxil edilməsini təsdiq edib. Azərbaycan - Şərq Tərəfdaşlığı ölkələrindən bidirir.
2017-ci ilin noyabr ayında Azərbaycan və Aİ arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsi üzrə indikativ xəritə imzalanıb.
Azərbaycan rəhbərliyi TEN-T-nin bir hissəsi olacaq nəqliyyat dəhlizlərinə sərmayə yatırmağa dair üzərinə öhdəlik götürüb. Bu investisiyalar həm beynəlxalq donorlar, həm də Şərq Tərəfdaşlığının maliyyə-investisiya mexanizmləri hesabına həyata keçirilə bilər. **
F.İsazadə