Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın yeni hakimiyyətini Yerevanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınayıb.
İ.Əliyev müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırladıb.
"Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub", - deyə o qeyd edib.
Dövlət başçısı, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə bağlı vəziyyətə dair məruzəsindən sitat gətirib. Məruzədə deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlıq etməsi barədə məlumatlar var. Əliyev xatırladıb ki, Njde sonradan Sovet hakimiyyəti tərəfindən həbs edilib və Vladimir şəhərindəki həbsxanada ölüb.
"Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə İ.Əliyev vurğulayıb.*