Azərbaycan Lapis-Lazuli nəqliyyat marşrutu ilə yük daşımaların artırılmasında maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Lapis-Lazuli nəqliyyat marşrutu ilə yük daşımaların artırılmasında maraqlıyıq və bu məsələni Əfqanıstanın sənaye və ticarət naziri ilə müzakirə etdik. Bu marşrut həm məhsulların Azərbaycana, həm də üçüncü ölkələrə çatdırılmasında böyük əhəmiyt kəsb edir. Gələcəkdə bu marşrutun dəstəkənməsi üzrə işi davam etdirəcəyik”, - Mustafayev cümə günü Bakıda Əfqanıstan mallarının sərgisinin açılış mərasimində bildirib.
Əfqanıstanla ticarət münasibətlərinə toxunan nazir qeyd edib ki, 2018-ci ildə ticarət dövriyyəsi 30% artıb, 2019-cu ilin 8 ayı ərzində artım 23% təşkil edib.
“Əgər ticarət münasibətlərini təhlil etsək, göründüyü kimi, ticarət dövriyysində ən çox hissə Azərbaycan ixracının payına düşür. Əfqanıstan tərəfi onlarda istehsal olunan məhsulların Azərbaycanda realizə olunması üçün bizə müraciət edib. Biz zəruri şərait yaratdıq. Bu, Əfqanıstanın Azərbaycanda ilk səgisidir. Ümid edirəm ki, Azərbaycan vətəndaşları və iş adamları bu sərgiyə maraq göstərəcəklər. Bu, həmçinin ticarət dövriyyəsini artırmağa imkan yaradacaq”, - Mustafayev qeyd edib.
2018-ci il dekabrın 13-də Əfqanıstanın qərbindəki Herat əyalətində Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizinin açılışı olub.
2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sözügedən ölkələri birləşdirən Lapis-Lazuli marşrutunun yaradılmasına dair saziş imzalanıb. Saziş tranzit logistikasının və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilib.
Nəzərdə tutulur ki, dəmir yolu xətləri və avtomobil yolları, Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya qədər və Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan isə İstanbula qədər davam edəcək.**
B.Rüstəmbəyov