BMT-nin qida təhlükəsizliyi üzrə eksperti Hilal Elver Azərbaycanda kənd təsərrüfatı sektorunda kooperasiyanın gücləndirilməsini vacib hesab edir.
O, Azərbaycanda kiçik fermer təsərrüfatlarının rəqabət qabiliyyətinin artırılmasının vacibliyini də vurğulayıb.
"Azərbaycanda fermer təsərrüfatlarının 90%-ə qədəri kiçikdir və kənd təsərrüfatı torpaqlarının 85%-ni tutur. Ümumiyyətlə, təsərrüfatların kiçik sahəyə malik olması bazara çıxış zamanı problem yaradır, onlar böyük kənd təsərrüfatı şirkətləri ilə rəqabət apara bilmirlər. Kooperasiyada birləşmək kiçik təsərrüfatların rəqabət qabiliyyətini gücləndirə bilər", - deyə H.Elver Azərbaycana monitorinq səfərinin yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bazar iqtisadiyyatına keçid Azərbaycanın inkişafına təkan versə də, bu inkişaf əhalini tam əhatə etməyib və heç də bütün cəmiyyət bundan yararlana bilməyib.
“Son illərdə Azərbaycan qida təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm addımlar atıb. Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, kənd təsərrüfatının inkişafı, ərzaq və qida təhlükəsizliyi ilə bağlı qanun və proqramlar qəbul edilib. Ancaq indi əsas məqsəd bu sahənin subsidiyalaşdırılması və iqtisadi artımın əhali arasında bərabər paylanmasının təmin edilməsidir", - deyə ekspert qeyd edib.
Xəbər verildiyi kimi, H.Elver oktyabrın 1-dən ekspert missiyası ilə Azərbaycanda səfərdədir. Səfərin məqsədi hökumətin əhalinin qida hüququnun təmin edilməsi sahəsində həyata keçirdiyi tədbirləri qiymətləndirməkdir. O, Bakı, Quba və Gəncədə olub, hökumət rəsmiləri, Ombudsman, BMT nümayəndələri, beynəlxalq donor icması və ictimai təşkilatlarla görüşlər keçirib.
Səfərlə əlaqədar yekun hesabat 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.*
Ə.Məmmədov