Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6-cı “Alma bayramı” festivalına start verilib.
Festival çərçivəsində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında qonaqlara onlarla alma sortu, bu meyvədən hazırlanan müxtəlif şirniyyatlar təqdim edilib. Ziyarətçilər bu təamları dadmaq imkanı əldə ediblər.
Bundan başqa, təşkilatçılar Qubanın hər bir kəndinin nümayəndələrinə alma və digər meyvə-tərəvəzlərin, o cümlədən şirniyyat, mürəbbə, cem və s.-nin bolluq təşkil etdiyi stend və süfrələr açmaq imkanı yaradıblar.
Festivalda məşhur Quba xalçaları da təqdim edilib.
“Alma bayramı”nda idmançıların, folklor qrupları və ansamblların iştirakı ilə Qubanın mərkəzi küçəsində yürüş keçirilib.
Həmçinin yerli və paytaxtdan gəlmiş artistlərin və folklor kollektivlərinin iştirakı ilə konsert keçirilib.*
X.Nəsirzadə