Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistan Respublikasının Turizmin İnkişafı üzrə Dövlət Komitəsi Əməkdaşlıq haqqında Memorandun imzalayıb.
AZTA-nın məlumatına görə, sənəd Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıblar.
Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşılıqlı turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədi ilə turizm potensialının fəal təşviqi tədbirlərini nəzərdə tutur.
“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdar hadisədir. Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam etdirir. Həm Azərbaycan turistləri, həm özbək turistlər üçün təşkil olunacaq tədbirlər birmənalı şəkildə maraqlı olacaq, inanıram ki, bu tədbirlərin nəticəsi olaraq, qarşılıqlı turizm axınını təmin edə bilərik”, - deyə N.Bağırov bildirib.
Qeyd edək ki, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin Azərbaycandakı tərəfdaşı “The Prime Group” şirkətidir.*
A.Əzizov