2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 27 mlrd. 577,4 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 13 mlrd. 947,1 mln. manat (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 2,6%), qeyri-ərzaq mallarının alınmasına 13 mlrd. 630,3 mln. manat (artım 3,3%) sərf olunub.
Yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içki və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 156,7 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
B.Rüstəmbəyov