Azərbaycan 2020-ci ilin sonunadək Bakı-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisini başa çatdırmağı planlaşdırır. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.
“Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başladıq. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yolun üzərində bir yol qovşağı tikilmişdir”, - Məmmədov cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı bildirib.
Məmmədov qeyd edib ki, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanmışdır. Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir.
“Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin”, - Məmmədov bəyan edib.
Prezident İ.Əliyev 2018-ci il fevralın 19-da H.Z.Tağıyev qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisinə 150 mln. manat (cari məzənnə ilə $88,2 mln.) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bu avtomobil yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq və turizmin inkişafına təkan verəcək.**
Ə.Məmmədov