2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 334 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 16,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 62,3%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 2 mln. 266,7 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Gecələmələrin 55,7%-i Bakı, 9,4%-i Qəbələ, 9%-i Quba, 5,5%-i Xaçmaz, 3,4%-i Naftalan, 2,8%-i Qusar, 2,5%-i Naxçıvan Muxtar Respublikası, 1,2%-i Qax, 1%-i Mingəçevir, 1%-i Lənkəran, 8,5%-i isə digər rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 1 mln. 743,9 min (artım 5,6%) və ya bütün gecələmələrin 65,4%-ni təşkil edib. Gecələmələrin 15,6%-i Səudiyyə Ərəbistanı, 11,1%-i BƏƏ, 10,4%-i Rusiya, 5,8%-i İsrail, 5,5%-i Hindistan, 5,1%-i İran, 4,6%-i Türkiyə, 3,6%-i Küveyt, 3,1%-i Böyük Britaniya, 2%-i ABŞ, 2%-i Qətər, 1,9%-i Pakistan, 1,6%-i Çin, 1,4%-i İraq, 1,3%-i Qazaxıstan, 1,1%-i Almaniya, qalanı digər ölkələrin vətəndaşlarının payına düşüb.
2019-cu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6% (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9%) təşkil edib. Bu göstərici Qubada 54,3%, Naftalanda 53,7%, Şabranda 50,6%, Qəbələdə 40,8%, Bakıda 32,6%, Beyləqanda 32%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.
Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4%) avqust ayında qeydə alınıb.*
A.Əzizov