Bu ilin yanvar-sentyabr ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə 1 mlrd. 798 mln. kubmetr Azərabaycan qazı (“Şahdəniz” yatağından hasil edilən) Türkiyəyə nəql edilib. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilir.
“2019-cu ilin 9 ayı ərzində TANAP ilə Türkiyəyə 1 mlrd. 798 mln. kubmetr Azərbaycan qazı tədarük olunub”, - SOCAR-dan vurğulanıb.
2018-ci ildə TANAP qaz kəməri ilə 1 mlrd. kubmetrə yaxın qaz nəql olunub. Beləliklə, qaz kəmərinin istismara verildiyi vaxtdan 2,7 mlrd. kubmetrdən artıq qaz nəql olunub.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Boru kəmərinin 15 il əzrində istifadəsi ərzində TANAP-ın səhmdarlarına illik $1,45 mlrd. ümumi məbləğdə gəlir gətirəcək ki, bunun 58%-i Azərbaycanın payına düşəcək. **
N.Abbasova