Sahibkarlığın İnkişafı Fondu (SİF) çərşənbə axşamı Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 631 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Güzəştli kreditlər heyvandarlıq, balıqçlıq, bağçılıq və mineral suların istehsalı sahəsində layihələrin reallaşdırlması üçün verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 70 yeni iş yeri açılacaq”, - nazirlikdən qeyd ediblər.
Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 290 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov