Milli Məclis noyabrın 12-də 2020-ci il dövlət büdcəsinin layihəsi üzrə müzakirələrə başlayacaq.
“Noyabrın 12-də parlament birinci oxunuşda gələn il üçün dövlət büdcəsinin layihəsi, həmçinin büdcə zərfi çərçivəsində digər sənədlər üzrə müzakirələrə başlayacaq. Birinci oxunuşda müzakirələr ümumilikdə üç gün davam edəcək – 12,13 və 14 noyabr tarixlərində”, - “Interfaks-Azərbaycan”a parlamentdəki mənbə bildirib.
Onun sözlərinə görə, parlament komitələri noyabrın 5-dən 2020-ci il dövlət büdcəsinin müzakirəsinə başlayacaq.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 mlrd. 134,5 mln. manat (2019-cu illə müqayisədə artım 4,2%), xərcləri 26 mlrd. 913,7 mln. manat (artım 6,8%), kəsiri 2 mlrd. 779,2 mln. manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barrelinin qiyməti $55 olmaqla hesablanıb (2019-cu il üçün neftin bir barrelinin qiyməti $60-dan hesablanıb).
Gəlirlərin strukturunda 13 mlrd. 530 mln. manatın (56%) neft sektoru, 10 mlrd. 604,5 mln. manatın (43,9%) qeyri-neft sektorundan daxilolmalar hesabına təmin edilməsi planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 12% artacağı proqnozlaşdırılır.
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 875 mln. manat (2019-cu illə müqayisədə artım 7,6%) və ya büdcə gəlirlərinin 32,6%-i, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 4 mlrd. manat (artım 8%) və ya gəlirlərin 16,6%-i səviyyəsində nəzərdə tutulub.
2020-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 mlrd. 350 mln. manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 0,1%) və ya bütün büdcə gəlirlərinin 47%-i səviyyəsində nəzərdə tutulub. Bundan başqa, proqnozlara görə, dövlət büdcəsinin gəlirlərinin 3,5%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri, daha 0,3%-i isə sair gəlirlər hesabına təmin olunacaq.
Xərclərin strukturunda 10 mlrd. 373,7 mln. manat məbləğində vəsaitin (artım 33,5%) sosial məqsədlərə yönəldilməsi planlaşdırılır ki, bu da dövlət büdcəsi xərclərinin 38,5%-ni təşkil edir.
Proqnozlara görə, 17 mlrd. 275,9 mln. manat (xərclərin 64,2%-i) cari xərclərin, 7 mlrd. 809,6 mln. manat (xərclərin 29%-i) əsaslı xərclərin payına düşəcək. Dövlət borcuna xidmət xərcləri 1 mlrd. 828,2 mln. manat və ya dövlət büdcəsi xərclərinin 6,8%-ni təşkil edəcək. 2019-cu illə müqayisədə dövlət borcuna xidmət xərcləri 21,7% azalacaq.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə proqnoz 25 mlrd. 190 mln. manat təşkil edir, kəsiri isə 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov