Azərbaycan və Belarusun müdafiə nazirləri general-polkovnik Zakir Həsənov və general-leytenant Andrey Ravkov 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalayıblar.
Həsənov oktyabrın 30-da Bakıda keçiriləcək MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası ərəfəsində Ravkovla görüşüb.
“Həsənov və Ravkov Azərbaycan Respublikası və Belarus Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalayıblar. Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur”, - Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Görüş zamanı Z.Həsənov Bakının Minsk ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
“Həsənov Azərbaycanın Belarusun müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib”, - məlumatda deyilir. O, hərbi-texniki sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini və genişləndiyini bildirib.
Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
O cümlədən, Həsənov Belarusun Azərbaycandakı yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçin fəaliyyətinin Bakı ilə Minsk arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.
“Həmsöhbətlər Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı təhlil edərək, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulayıblar”, - məlumatda vurğulanır. **
F.İsazadə