Prezident İlham Əliyev bu gün “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir”, - deyə İ.Əliyev görüşdə bildirib.
O qeyd edib ki, Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əsas hazırlıq işlərini “Azərkosmos” öz üzərinə götürəcək.
İ.Əliyev vurğulayıb ki, 2022-ci ildə müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Çünki 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Bakıda keçirilib.
Öz növbəsində, R.Nəbiyev deyib ki, Bakının rəqibləri Sinqapur, Rio-de-Janeyro və Dehli idi.
“Əgər biz Hindistana baxmış olsaq, onlar dünyanın ən aparıcı kosmik ölkələrindəın biridir. Braziliyanın timsalında astronavtikaya baxmış olsaq, onlar dünyada sərnişin təyyarələri istehsal edən üç ən öndə gedən ölkədən biridir. Sinqapur isə istər coğrafi mövqeyinə, istərsə də bu səpkidə tədbirlərin keçirilməsinə görə dünyanın ən lider ölkələrindən biridir”, - deyə o qeyd edib.
Sədr bildirib ki, 68 ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Bu tədbir istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə ən mötəbər tədbirlərdən biridir.*
F.İsazadə