2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 12 mlrd. 71,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 35,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 0,9% - 1 mlrd. 913,3 mln. manata qədər artıb.
Səhmlərlə əməliyyatların həcmi 401,4 mln. manat (azalma 51,8%), o cümlədən ilkin bazarda 239,7 mln. manat (azalma 57,6%), təkrar bazarda 161,7 mln. manat (azalma 39,6%) təşkil edib.
Yanvar-sentyabr aylarında korporativ istiqrazlarla əməliyyatların həcmi 42,1% - 1 mlrd. 511,9 mln. manata qədər artıb, o cümlədən ilkin bazarda manatla nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 194,9 mln. manat (artım 21,3%), ilkin bazarda ABŞ dolları ilə nominallaşdırılmış istiqrazlarla 564,4 mln. manat (artım 20,5%), təkrar bazarda manatla nominallaşdırılmış istiqrazlarla 703,6 mln. manat (artım 2,4 dəfə), təkrar bazarda ABŞ dolları ilə nominallaşdırılmış istiqrazlarla 49 mln. manat (azalma 65,5%) təşkil edib.
MBNP-nin məlumatına görə, birinci rübdə dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 40% - 3 mlrd. 671,8 mln. manata qədər artıb.
Hesabat dövründə törəmə qiymətli kağızlarla əməliyyatların həcmi 9 mlrd. 315,3 mln. manat (azalma 3,4%) təşkil edib.**
Ə.Məmmədov