Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 6 mlrd. 44,65 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 35,5% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Avqust ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 23,35%-i (734,97 mln. kubmetr) Azərbaycan qazının payına düşüb. Ötən ilin avqust ayı ilə müqayisədə tədarükün həcmi 15,57% artıb.
Avqust ayında Türkiyəyə 3 mlrd. 148,09 mln. kubmetr (2018-ci ilin avqust ayı ilə müqayisədə artım 3,74%) qaz ixrac edilib. 2 mlrd. 346,67 mln. kubmetr boru kəməri qazının (tədarükün 74,5%-i), 801,42 mln. kubmetr (25,5%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova