2019-cu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 148 mln. barel (20 mln. ton) neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan 161 mln. barel neft hasil olunub. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı 8,07% azalıb.
Cari ilin 9 ayı ərzində şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,8% - $1,452 mlrd.-dək azaldıb. “Bu məbləğdən $478 mln.-u əməliyyat xərclərinin, $1,034 mln.-u əsaslı xərclərin payına düşüb”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Bu dövrdə orta sutkalıq neft hasilatı 541 min barel (ötən ilin yanvar-sentyabr aylarında 588 min barel) olub.
Yanvar-sentyabr aylarında “Çıraq” platformasından sutkada 41 min barel (2018-ci ilin 9 ayı ərzində 47 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 133 min barel (sutkada 156 min barel), ”Qərbi Azəri” platformasından 121 min barel (sutkada 126 min barel), “Şərqi Azəri” platformasından 92 min barel (sutkada 97 min barel), “Dərinsulu Günəşli” platformasından 95 min barel (sutkada 105 min barel), “Qərbi Çıraq” platformasından 59 min barel (sutkada 57 min barel) neft hasil olunub.
Xəbər verildiyi kimi, 2018-ci ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından neft hasilatı 213 mln. barel (29 mln. ton), orta sutkalıq neft hasilatı isə 584 min barel həcmində olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.*
B.Rüstəmbəyov