"Azərsu" ASC yaxın vaxtlarda 5 rayonda əhalinin içməli su ilə təminatı və kanalizasiya sisteminin yaradılması ilə bağlı layihələr həyata keçirməyə başlayacaq. Bu barədə cəmiyyətin sədri Qorxmaz Hüseynov məlumat verib.
"Bütövlükdə, biz Azərbaycanın 50 rayonunda bu layihələr üzrə işə başlamışıq. 30 rayonda işlər başa çatıb, 20-də isə davam edir. Bundan başqa, ölkənin daha 5 rayonunda layihələrin həyata keçirilməsinə başlamaqla bağlı tapşırıq almışıq", - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Layihələrin həyata keçiriləcəyi yeni rayonlar arasında Yevlax, Bərdə, Horadiz, Neftçala və Balakən də var.
Q.Hüseynov qeyd edib ki, işlərin davam etdiyi 20 rayondan 11-də artıq yeni su təchizatı sistemi yaradılıb və hazırda kanalizasiya sisteminin yaradılması istiqamətində işlər aparılır.*
B.Rüstəmbəyov