Məhkəmə qərarlarının elektron icra sistemi 2019-cu ilin sonunadək Azərbaycan əhalisi üçün tamamilə əlçatan olacaq. Bu sözləri Ədliyyə Nazirliyinin İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov deyib.
“Sistem artıq yaradılıb və işləyir, lakin əhali üçün hələ tam əlçatan deyil. Bunun üçün xüsusi əsasnamə hazırlanır və hesab edirəm ki, sistem bu ilin sonunadək əhali üçün əlçatan olacaq", - deyə T.Məmmədov bu gün Bakıda keçirilən bank forumunda bildirib.
Onun sözlərinə görə, sistem əhaliyə məhkəmə qərarlarının icrası prosesinə uzaqdan nəzarət etməyə imkan verəcək.
T.Məmmədov, həmçinin bank sektorunu kredit bazasını elektron icra sisteminə inteqrasiya etməyə çağırıb. "Bu, banklara müştərilərin qeyri-bank borcları və onların ödəmə qabiliyyəti barədə məlumat (müştəri aliment ödəyirmi və ya üçüncü şəxslərə borcu varmı və s.) əldə etməyə imkan verəcək", - deyə qrup rəhbəri əlavə edib.
Azərbaycanda özəl icra orqanları təcrübəsinin tətbiqi mümkünlüyünə toxunan T.Məmmədov qeyd edib ki, bu addımın zəruriliyi hazırda pilot layihə vasitəsilə öyrənilir. "Əvvəlcə özəl icra orqanlarının tətbiqi imkanlarını və üstünlüklərini öyrənmək lazımdır. Yalnız bundan sonra bu vasitənin tətbiqi barədə danışmaq olar", - deyə o bildirib.*
Ə.Məmmədov