Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 45 mln. manat (cari məzənnə ilə $26,5 mln.) ayrılacaq.
Vəsait "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısıın saytında dərc olunub.
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin dekabr ayında ölkənin şimalında Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi üçün dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə 30 mln. manat ayırmağı tapşırıb. Vəsait dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılmasına yönəldiləcək.
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib ki, QSC Bakı-Qəbələ sürət qatarını 2020-ci ilin yayında istifadəyə verməyi planlaşdırır.
“Marşrutun qoruqdan, dağlıq ərazidən və suötürücülərin olduğu yerlərdən keçməsi səbəbindən bu istiqamətdə dəmir yolunun tikintisi çətinləşir. Lakin Ləki stansiyasından başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işləri tam başa çatdırılacaq. Gələn ilin yayına turistlər Bakı-Qəbələ sürət qatarının xidmətlərindən istifadə edə biləcəklər”, – Qurbanov bildirib.
C.Qurbanov qeyd edib ki, sərnişinlər yolu 2,5–3 saata qət edə biləcəklər. Yolun Ləkidən Qəbələyədək olan hissəsində qatarın sürəti 60-80 km/s, Bakıdan Ləkiyədək – 80-100 km/s təşkil edəcək.**
B.Rüstəmbəyov