Hesablama Palatası hüquqi və fərdi sahibkarlıq fəaiyyəti ilə məşğul olan fiziki şəxslərin hesablarından nağdlaşdırılan vəsaitin həcminin artımından narahatdır.
“2018-ci ildə bu kateqoriyadan olan şəxslərin hesablarından nağdlaşdırılan vəsaitin həcmi 2,9 mlrd. manat təşkil edib, bunun 2,7 mlrd. manatı hüquqi şəxslər, 0,2 mlrd. manatı - fərdi sahibkarlıq fəaiyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən nağdlaşdırılıb. Hesablamar göstərir ki, 2019-cu ildə bu göstərici 3 mlrd. manatadək artacaq (2,8 mlrd. manat – hüquqi şəxslər, 0,2 mlrd. manat- fiziki şəxslər üzrə)”, - “İnterfaks-Azərbaycan”a Hesablama Palatasından bildiriblər.
Palatanın təhlili göstərir ki, 2020-ci ildə hesablardan nağdlaşdırmanın həcminin artımı davam edə və 3,6 mlrd. manata çata bilər, bunun 3,4 mlrd. manatı hüquqi şəxslər tərəfindən nağdlaşdırılacaq.
“2019-cu ilin yanvar-avqust aylarının yekunları üzrə nağdlaşdırılan vəsaitin həcmi 2,5 mlrd. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19% və ya 0,4 mlrd. manat çoxdur. Digər tərəfdən, Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə dövriyyədə olan nağd pulun həcmi 9,3 mlrd. manat təşkil edib, bu da pul bazasının 81,4%-ni təşkil edir. Bu, 2018-ci ilin yanvar-avqust ayının göstəricisindən 1,8 mlrd. manat və ya 0,9 faiz punktu çoxdur”, - Hesablama Palatasından qeyd ediblər.
Palata yuxarıda qeyd olunan tendensiyanı nəzərə alaraq, vergi orqanlarına hesablarından vəsait nağdlaşdıran vergi ödəyiciləri barəsində əlavə demotivasiya tədbirləri tətbiq etmək, həmçinin nağdsız hesablamalardan istifadə üçün onların böyük motivasiyasını təmin etnəyi tövsiyyə edir. **
Ə.Məmmədov