SOCAR AQŞ hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə (GRI) üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb.
GRI-yə qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib ki, müasir şəraitdə dünyada baş verən iqtisadi proseslər, qloballaşma və digər qlobal amillər hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsini zəruri edən bir sıra mühüm çağırışları labüd edir: “Öz fəaliyyətində hesabatlılığı və şəffaflığı ən önəmli prinsiplərdən hesab edən SOCAR AQŞ bu sahədə ən yüksək dünya standartlarını ardıcıl olaraq tətbiq edir. GRİ standartlarına əsasən hazırladığımız hesabatlar bütün maraqlı tərəflərdə, o cümlədən, sifarişçilərdə, beynəlxalq maliyyə institutlarında və təchizatçı şirkətlərdə müəssisənin fəaliyyətində tam şəffaf və etibarlılıq mühitinin yaradılmasına dair əminlik yaradır. GRI-ə üzvlük beynəlxalq miqyasda müəssisənin korporativ nüfuzunun möhkəmləndirilməsinə əsaslı dəstək olacaq!”
Məlumat üçün bildiririk ki, 1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən GRİ hesabatlılıq standartlarına görə dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır. GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir.
Qeyd edək ki, istənilən təsisatın fəaliyyətində GRI standartlarının tətbiqi risklərin müəyyənləşdirməsi və idarə edilməsinə, maraqlı tərəflərlə konstruktiv əlaqələrin genişləndirilməsinə, rəqabətədavamlılığın, nüfuzun və etimadın artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edir.