2020-ci ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" ASC ("Transmaşholdinq" QSC şirkətlər qrupuna daxildir) ilə müqavilə əsasında Azərbaycana yeni vaqonların gətirilməsinə başlanacaq. Bunu cümə günü cəmiyyətin baş mühəndisi Əlixan Osmanov jurnalistlərə deyib.
"Metrovaqonmaş" ilə müqavilə 2020-2022-ci illərdə Bakı Metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibinin gətirilməsini nəzərdə tutur. Gələn ilin fevral ayında ilk qatar tərkibi Azərbaycana gətiriləcək”, - Osmanov qeyd edib.
O, müqavilənin dəyərini qeyd etməyib.
2019-cu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" ASC ("Transmaşholdinq" QSC şirkətlər qrupuna daxildir) ilə vaqon və qatar tərkibi alışına dair müqavilə imzalayıb.
Müqavilə 3 il ərzində Bakıya 4-cü nəslə mənsub 81-765.B/766.B modelli 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibinin gətirilməsini nəzərdə tutur. Vaqonların bazası 2019-cu ilin iyun ayında Bakıya gətirilən vaqonlara uyğun oalcaq.
Xəbər verildiyi kimi, 2019-cu ildə "Metrovaqonmaş"dan alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.
Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15% genişləndirilib və döşəməsi yeni kompozit materiallardan hazırlanır. **
N.Abbasova